Noyabrın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanla Türkiyə arasındakı əbədi qardaşlığa və dostluğa həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimi keçirilib.

İdeya müəllifi və nəşrə hazırlayanı millət vəkili Məlahət İbrahimqızı olan kitabda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkənin əlaqələrinin yüksək mərhələyə çatmasında xidmətləri əks olunub. Kitab 2003-cü ildən 15 iyun 2021-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığı günədək olan dövrü əhatə edir. Kitabda Azərbaycan və Türkiyə dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışları, müraciətləri, bəyanatları, fotoları yer alır.

Tədbirdə rəsmilər, Azərbaycan və Türkiyənin millət vəkilləri, ictimaiyyət və mədəniyyət xadimlər iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq deyib: “Biz tarixi günlər yaşayırıq. O müqəddəs 44 günü xatırlayaraq həmin günlər ərzində bizi bürüyən hissləri xatırlayırıq. O həyəcanı, o sevinc göz yaşlarını, o hüzn, kədər göz yaşlarını. İkili standartlara, ədalətsizliyə qarşı olan münasibəti və nəhayət, o qarış-qarış torpaq azad olunana qədər unudulmaz hissi. O fəxarət hissini xatırlayırıq. Bizə bu unudulmaz hissləri yaşadan bütün qəhrəmanlarımıza, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, sonsuzadək minnətdarıq”.

Günay Əfəndiyeva vurğulayıb ki, bu Zəfər sadəcə Azərbaycanın deyil, eyni zamanda, bütün Türklüyün Zəfəridir. Bütün Türk dünyasını birləşdirən bir Qələbədir. Eyni zamanda, bu Zəfər əcdadlarımızdan bizə miras olaraq qalan dəyərlərin, qəhrəmanlıq ənənələrinin təcəssümü, mədəniyyətimizinn təntənəsidir”.

Fondun prezidenti təqdimatı keçirilən kitabda əks olunan 20 ilə yaxın müddət ərzində Azərbaycanın və Türkiyə rəhbərləri tərəfindən həyata keçirilən siyasətin iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə qalxmasında misilsiz rol oynadığını vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Bərabər yürüdük biz bu yollarda” ifadəsi hörmətli dövlət başçılarımızın siyasət yolunun simvolik ifadəsi olaraq Türkiyə-Azərbaycan əlaqələrini də ifadə edən bir anlama çevrilib. Bu baxımdan kitabın adı da münasibətlərimizin təsviri, bugünkü səviyyəsini göstərmək baxımından son dərəcə qiymətlidir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, kitabın ideya müəllifi Məlahət İbrahimqızı çıxış edərək, nəşr haqqında məlumat verib, tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib.

Ankara Universitetinin rektoru Necdət Ünüvar, Milli Məclisin deputatı Azay Quliyev, Türkiyə millət vəkili Öznur Çalık, Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva kitab haqqında fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun (tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Siyavuş Kərimov) və tələbələrinin – Televiziya muğam müsabiqəsinin qalibləri Gülzar Fərəcova və Elsevər Muradovun, eyni zamanda, M.Maqamayev adına 26 nömrəli musiqi məktəbinin şagirdi Elxan Məmmədlinin ifalarında Azərbaycan və Türkiyə xalq mahnılar səslənib.