Xəbər verildiyi kimi, 2-5 noyabr tarixlərində Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı tamaşalar festivalı keçirilib.

Münsiflərin qərarı ilə festivala təqdim olunmuş 11 tamaşadan 4 tamaşa seçilərək canlı şəkildə oynanılıb.

Akademik Milli Dram Teatrının “Abbas Mirzə Şərifzadə səhnəsi”ndə və ATXİ-nin böyük səhnəsində oynanılan tamaşaları teatr mütəxəssisləri dəyərləndirib.

Festivalın sonuncu günü Qusar Dövlət Ləzgi Dram Teatrının “Çingiz dastanı” tamaşası göstərilib.

Müəllifi Əməkdar incəsənət xadimi Abdulla Qurbani, rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov olan səhnə əsəri maraqla qarşılanıb.

Tamaşadan sonra bütün iştirakçılara diplomlar təqdim edilib, qaliblər mükafatlandırılıb.