Noyabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Zəfər Günü münasibətilə “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının hanadan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı olub.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə muzeyin fəaliyyətindən söz açıb: “Həmin günlərdə muzeyimiz Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib etdi. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verildi. Şanlı Ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyandı. Qələbədən sonra bu xəritə əsasında Qarabağın müxtəlif şəhər və rayonlarına aid xalçalardan fraqmentlərin, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışların, ornamentlərin yer aldığı “Zəfər” xalçası ilmələrə köçürüldü”.

Direktor “Zəfər” xalçası ideyasının, eskizin hazırlanmasının və toxunmasının Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirildiyini deyib və bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi olan hər bir əməkdaşa minnətdarlığını bildirib.

Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” qobeleni haqqında da danışan Ş.Məlikova bildirib ki, üç hissədən ibarət əsərin mərkəzi hissəsində Qarabağın sənət beşiyi olan Şuşanın işğaldan öncəki təsvirinin, bir tərəfində onun azadlığı uğrunda aparılan döyüşlərin, od-alovun, digər tərəfində isə qələbədən sonrakı aydın səmalı, firavan, azad Şuşanın, onun ruhunun geri dönüşü əksini tapıb.

“Azərxalça” ASC-nin sədri Emin Məmmədov çıxış rəhbəri olduğu qurumun da Vətən müharibəsində qazanılmış qələbə mövzusunda “Zəfər” kolleksiyası müsabiqəsi keçirdiyini vurğulayıb. Müsabiqə çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində təlimlərin keçirildiyini deyən E.Məmmədov bu cür layihələrin xalçaçılıq sənətinin inkişafında, eləcə də gənclərin bu sahəyə marağının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Əməkdar rəssam, Milli Xalça Muzeyinin baş rəssamı Taryer Bəşirov “Zəfər” xalçasının kompozisiyası barədə ətraflı məlumat verib. Qeyd edib ki, xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub. Həmçinin sənət nümunəsində dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarı, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışlar yer alıb. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunub.

Əməkdar rəssam müəllifi olduğu “Şuşa” qobelenində öz hisslərini, qələbə duyğularını ifadə etdiyini vurğulayıb.

Sonra qonaqların, o cümlədən Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, əsgər və zabitlərin iştirakı ilə “Zəfər” xalçasının dəzgahdan kəsimi həyata keçirilib.

Tədbirdə iştirak edən müharibə iştirakçılarının övladları üçün muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə kölgə teatrı janrında hazırlanan “Fitnə” tamaşası nümayiş olunub.