Müharibənin 42-ci günü – Zəfər ərəfəsi...

  • Vətən müharibəsinin 42-ci günündə şanlı Ordumuzun yeni qalibiyyət xəbərləri gəlib. Bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edən hərbi qüvvələrimiz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının ümumilikdə 16 kəndini işğaldan azad edib.

  • Bu barədə məlumatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də özünün rəsmi “Twitter” hesabında xalqa çatdırıb:
  • “Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Bala Soltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Xocavəndin Moşxamat, Ataqut, Sakuri kəndlərini işğaldan azad edib.

  • Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

  • Ordumuzun zəfər yürüşündə ilk dəfə Xocalı rayonunun adı çəkilib. Xilaskar Azərbaycan əsgəri artıq Xocalı rayonu ərazisinə də daxil olub. İrəlidə qala-şəhərimiz Şuşa var. Artıq Şuşa fatehlərimiz şəhərə daxil olmuşdular.

  • Müdafiə Nazirliyinin məlumatına əsasən, Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının 1-ci taborunun bölmələrinin şəxsi heyəti arasında itkilər olub. Düşmən ordusunun D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

  • Döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib. Ermənistan ordusu cəbhənin Ağdam istiqamətində itkilər verib. Ermənistan silahlı qüvvələrinin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.

  • Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.