Noyabrın 6-da Abdulla Şaiqin mənzil-muzeyində İkinci Qarabağ müharibəsinin ildönümü münasibətilə “Zəfər bizə əmanət” adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsində şəhadətə qovuşanların ailə üzvləri, müharibə veteranları, məktəblilər iştirak ediblər.

Dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra muzeyin direktoru Ülkər Talıbzadə çıxış edib.

Şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını deyən Ülkər Talıbzadə şəhid övladlarına ölkəmizi hər yerdə layiqincə təmsil etməyi, tariximizi unutmamağı və təbliğ etməyi tövsiyə edib: “Zəfəri bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bəxş edib. Bu günü 30 ilə yaxın müddətdə gözlədik, igid Azərbaycan oğullarının fədakarlığı sayəsində böyük Zəfəri yaşadıq. Bizim müqəddəs yerimiz şəhidlərimizin məzarlarıdır”.

Aktyor, bədii qiraətçi Kamal Yaşar bildirib ki, torpaqlarımızın işğaldan azad olunması xalqımıza xoş qürur bəxş etdi. Bu Zəfər qəhrəmanlıq salnaməmizdir. Biz övladlarımıza beynəlxalq səviyyəli təhsil verməklə yanaşı, onları vətənpərvərlik ruhda yetişdirməliyik.

Layihə rəhbəri Turan Hüseynov çıxışında gəncləri daim vətənpərvər olmağa çağırıb: “Şəhidlərimizin qanı tökülən torpaqlar onların bizə əmanətidir. Gənclərimiz bu əmanəti göz bəbəyi kimi qorumalıdır”.

Sonda şagirdlərə təşəkkürnamələr verilib.