Müsabiqə Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsi – qələbənin simaları” adlı fotomüsabiqəyə yekun vurulub.

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.

Tədbirdə əvvəlcə Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqənin məqsədi Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.

Sentyabrın 30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Təqdim olunan fotolar müsabiqə müddətində “İnstagram”da “foto.musabiqe” səhifəsində paylaşılıb.

Diqqətə çatdırılıb ki, münsiflər heyəti tərəfindən fotolar peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə Qələbənin simaları, müharibə dağıntıları, müharibə xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri üzrə nominasiyalara uyğun qiymətləndirilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Daha sonra fotomüsabiqənin qalibləri elan edilib. Dörd nominasiya üzrə qalib gələn fotoqraflar diplom və hədiyyələr, sərgidə əsərləri nümayiş olunan bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, noyabrın 10-dək ziyarət üçün açıq olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.