Azərbaycan Turizm və Menecment Universitetində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə universitetin şəhidlik zirvəsinə ucalmış məzunu Məhəmmədəli Həsənzadənin valideynlərinə onun fəxri diplomu təqdim olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib ki, Məhəmmədəli Həsənzadə 44 günlük Vətən müharibəsi dövründə Füzuli, Ağdam, Cəbrayıl və Xocavənd ərazilərində gedən döyüşlərdə iştirak edib. Xocavənd rayonu ərazisində döyüşlərin birində şəhidlik zirvəsinə ucalan Məhəmmədəli Həsənzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə,” “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Məhəmmədəli Həsənzadənin valideynlərinə onun fəxri diplomunu təqdim edən DTA sədri qeyd edib ki, şəhidin xatirəsini əbədiləşdirmək üçün universitetin bir auditoriyasına onun adı verilib.

Mingəçevir Turizm Kollecinin 9 tələbəsinin, Bakı Turizm Peşə Məktəbinin 2 tələbəsinin də şəhidlik zirvəsinə ucaldığını bildirən Fuad Nağıyev onların da adlarının təhsil aldıqları müəssisələrdə auditoriyalara verildiyini diqqətə çatdırıb.

ATMU-nun rektoru İlham Mədətov bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə universitetin 100 nəfərdən çox məzunu iştirak edib. Onlardan 70 nəfərə yaxını müxtəlif medallara layiq görülüb.

Məhəmmədəli Həsənzadənin ailə üzvləri çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Universitetin foyesində şəhid Məhəmmədəli Həsənzadə, eləcə də ATMU məzunu olan qazilər haqqında məlumat lövhəsi vurulub, Vətən müharibəsi iştirakçısı olmuş bir qrup məzuna təşəkkürnamələr təqdim edilib.