Vətən müharibəsində şanlı Qələbəmizin birinci ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində noyabrın 6-da Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert proqramı təqdim edilib.

Qələbəmizin təminatçıları – şəhid və qazilərimizin övladları üçün tərtib edilən proqram Dövlət himnimizin səslənməsi ilə başlayıb.

Pandemiya səbəbindən uzun müddət səhnədən ayrı düşən balaca istedadlar belə şanlı bir gün münasibətilə səhnəyə həm böyük sevinc, həm də həyəcan hissi ilə çıxıblar.

Bəstəkar və xalq mahnılarından, rəqslərdən ibarət proqramda Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, musiqili uşaq teatrı, vokal və gitara siniflərinin şagirdləri bir-birindən maraqlı ifalar təqdim ediblər.

Sonda “Yaşa, Azərbaycan!” rəqsinin sədaları altında bütün iştirakçılar səhnəyə çıxıblar.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva budəfəki konsert proqramının xüsusi diqqət, sevgi və həssaslıqla hazırlandığını bildirib: “Çünki bu günlər bizim qürur tariximizin ildönümüdür. Biz haqq savaşında qalib gəlmiş xalqıq. Ali Baş Komandanımızın uğurlu siyasəti, müzəffər Ordumuzun şücaəti sayəsində, şəhid və qazilərimizin canı-qanı bahasına ərazi bütövlüyümüz bərpa olunub. Bəlkə də Dövlət Uşaq Filarmoniyasının balaca istedadlarının ən çətin və ən məsuliyyətli çıxışı oldu, çünki biz ömrümüzün sonuna kimi şəhidlərimizə, qazilərimizə borcluyuq”.