Noyabrın 6-da İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin birinci ildönümü münasibətilə “Zəfər Günü” piano festivalı keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) təşkilatçılığı, Türkiyənin Yıldız Teknik Universiteti (YTÜ) və “Mehcer” Köç Sənətçiləri Dərnəyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə iştirak ediblər.

İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, YTÜ-nün rektoru professor Tamer Yılmaz çıxış edərək Azərbaycanın şanlı Qələbə sayəsində öz işğaldan torpaqlarını azad etdiyini və hər zaman olduğu kimi, müharibə dövründə də qardaş Türkiyənin ölkəmizin yanında olduğunu vurğulayıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan əsgərinin gücü və igidliyi nəticəsində qazanılan bu Qələbə günü təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də Zəfər Günüdür.

Tədbir çərçivəsində Azərbaycanın Vətən müharibəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

AZƏRTAC-a müsahibə verən Turan Manafzadə tədbirin Yıldız Teknik Universitetinin Otağı-ı Humayun binasında keçirilməsinin təsadüfi olmadığını bildirib. O deyib: “Otağı-ı Humayunun tarixi mənası var. Bura hələ İstanbul fatehi Sultan Mehmetin dövründə savaşlardan əvvəl əsgərlərin çadır quraraq toplandığı yer olub. Bizim Zəfər Günümüz ən gözəl məkanlara yaraşır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz dastan yazdı. Biz də Manafovlar ailəsi olaraq Vətən uğrunda gedən savaşa əlimizdən gələn dəstəyi verməyə çalışdıq. Müharibədən əvvəl bəstələdiyim “Azərbaycanım” və “Yüksəliş” əsərlərimi də Azərbaycana və qəlbində Azərbaycan sevgisi olan hər kəsə ithaf etdim. Zəfər Gününü də bu festivalla – musiqinin dili ilə bütün dünyaya mesajlarımızı verərək qeyd etmək istədik”.