Bülbülün Memorial Muzeyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova giriş sözündə Vətən müharibəsindən, Zəfər Gününün tarixi əhəmiyyətindən, Bülbülün Şuşada yenidən fəaliyyətə başlayan ev-muzeyindən söhbət açıb.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər. Respublika və beynəlxalq müsabiqələr laureatları Fateh İsgəndərin ifasında Üzeyir Hacıbəylinin "Cəngi" , Nuranə Salamovanın ifasında Cövdət Hacıyevin "Ballada", Vasif Cavadovun ifasında Süleyman Ələsgərovun "Daimi hərəkət", İnayət Pərzadlının ifasında Fikrət Əmirovun "Min bir gecə" baletindən fraqment, Mətləb Əhmədzadənin ifasında "Xudayar təsnifi" səsləndirilib.

İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdlərinin hazırladığı kompozisiyalar nümayiş etdirilib.