Zəfərin tacı – Əziz Şuşa, biz qayıtmışıq!

 

Vətən müharibəsinin 43-cü günü Azərbaycan xalqının illərlə arzusu ilə yaşadığı, 27 sentyabrdan – haqq savaşımızın ilk günündən gözlədiyi müjdə ilə tarixə yazıldı. 1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu.

Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan edib:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq”.

Azərbaycan Ordusunun döyüş meydanında düşməndən azad etdiyi sayca beşinci şəhər-rayon mərkəzi olan Şuşa eyni zamanda bu 43 gündə qazanılan qalibiyyətlərin bas tacı oldu.

Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başlayan əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 3 qəsəbə və 215 kənd işğaldan azad edilmişdi. Bu siyahıya Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 23 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalı rayonunun 1 kəndi daxil idi.

Artıq müharibənin taleyi həll edilmişdi....Şuşa zəfərinin ertəsi gününün sonunda işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olacaqdı...