Ölkəmizdə 8 Noyabr – Zəfər Günü böyük coşqu ilə qeyd olunur. 44 Günlük Vətən müharibəsində şanlı Qələbəmizin birinci ildönümü münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində rəngarəng tədbirlər təşkil edilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ), İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı İntellektual oyunlar klubu, rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə rayon məktəbliləri arasında Zəfər Gününə həsr olunan “Ucqar kəndin intellektual gəncləri” adlı layihə keçirilib. Yarışın seçim turlarında məktəblilərdən ibarət 20-yə yaxın komanda iştirak edib. 8 komanda finala vəsiqə qazanıb. Yekunda İsmayıllı 1 saylı tam orta məktəbin komandası I, 3 saylı məktəb-liseyin komandası II, Diyallı kənd tam orta məktəbin komandası isə III yerləri qazanıblar.

Şamaxı rayon Heydər Əliyev Mərkəzində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar əlamətdar gün barədə fikirlərini bildiriblər. Daha sonra şəhər 6 və 9 saylı tam orta məktəblərin hazırladıqları kompozisiya nümayiş olunub.

Qəbələ rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq teatrı Nargilə Rəhmanın ssenarisi əsasında “Qələbə” adlı tamaşa nümayiş etdirib. Rolları Xalq teatrının üzvlərindən Müsavər Qasımov, Leyla Zakirova, Elşən Salehov, Xəyal Gəncimov, Afət Əliyeva, Bahar Qəhrəmanova, Nicat Baxişov, Mürşüdlü Gündüz və Dərya Abbasova ifa ediblər.

Regional idarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində də Zəfər Günü ilə bağlı müxtəlif tədbirlər keçirilib.

***

Xaçmaz RMİ-nin təşkil etdiyi “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi və eyniadlı ədəbi toplusunun təqdimatı keçirilib. Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Əvvəlcə Quba şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib, məktəbin skripka ifaçılarından ibarət kollektivinin çıxışı dinlənilib.

Müsabiqənin təşkilat komitəsinin rəhbəri Ramiz Ramazanlı tədbir iştirakçılarına müsabiqə və “Zəfər yazanlar” ədəbi toplusu barədə məlumat verib. Bildirilib ki, müsabiqədə I, II, III yerlərə layiq görülən, eləcə də həvəsləndirici yerlər qazanan əsərlər “Zəfər yazanlar” ədəbi toplusunda yer alıb. İdarənin rəisi Vüsal Hüseynov bildirib ki, “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsi regionda yazıb-yaradan yazıçı və şairlərin 44 günlük Vətən müharibəsi ilə bağlı əsərlərinin toplu halına gətirilməsi, gələcəkdə bu əsərlərdən bölgədə hazırlanan bədii-kütləvi tədbirlərdə ədəbi material kimi istifadə olunması məqsədilə elan edilib. Müsabiqəyə ümumilikdə 3 janr üzrə 50-yə yaxın əsər qəbul olunub.

Çıxışlardan sonra müsabiqə qaliblərinə regional idarənin fəxri fərman və mükafatları təqdim olunub. Tədbirin bədii hissəsində Şabran Xalq teatrının “Xarıbülbül” tamaşasından bir hissə nümayiş olunub, Quba şəhər Uşaq musiqi məktəbinin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Şabran Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. “Vətən” mahnısının sədaları altında keçirilən yürüş Şabrandakı Qala meydanınadək davam edib. Yürüş “Vətən” fləşmobunun təşkili və Azərbaycan Bayrağının Qala zirvəsində dalğalandırılması ilə başa çatıb.

***

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı sərgi açılıb. Noyabrın 10-dək davam edəcək sərgidə rayonun ümumtəhsil məktəbləri şagirdlərinin mövzuya uyğun hazırlanmış əl işləri nümayiş etdirilib. Masallı şəhər Onbirillik incəsənət məktəbi müəllimlərinin konserti keçirilib. Konsertdən əvvəl çıxış edən idarə rəisi Bəxtiyar Qılıncov Zəfər Günü münasibətilə müəssisənin pedaqoji kollektivini təbrik edib. Daha sonra məktəbin müəllimlərindən Aysel Nərimanova, Şamo İbayev, Rəşad Tağıyev və Mahmud Abbasov zövqlü musiqi repertuarı ilə çıxış ediblər.

Masallı rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə “Zəfər bayrağı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Cəlilabad şəhərində əlamətdar gün münasibətilə konsert proqramı keçirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncovun da qatıldığı konsertdə Əməkdar artistlər Aybəniz Haşımova və Səidə Şərifəliyeva, yerli incəsənət ustalarından Miriş Hüseynov və Fərid Hacıyev zövqoxşayan musiqi kompozisiyaları ilə səhnəni bölüşüblər. Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və rayonun Göytəpə şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil edilib. Mədəniyyət evinin ansambl üzvlərinin səsləndirdiyi şən musiqilərin sədaları altında hərbçilərimizin rəqsi göz oxşayıb. Sonda "N" saylı hərbi hissənin komandiri təşkil edilən bədii-musiqili tədbirə görə mədəniyyət işçilərini fəxri fərmanlarla təltif edib. Cəlilabad şəhər Uşaq incəsənət məktəbinin pedaqoji kollektivinin konsert proqramı tamaşaçılarda əsl bayram əhvalı yaradıb.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində rəsm və əl işləri, eləcə də xalq tətbiqi sənət nümunələrindən ibarət "Zəfər palitrası” sərgisi təşkil edilib. Sərgidə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Mədəniyyət Nazirliyinin əməkdaşı Eldəniz Ağayev, idarə rəisi Rəşad Əliyev, rəssamlar, ziyalılar, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə qonaqlara muğam ifaçılarının təqdimatında vətənpərvər mahnılar, skripkaçıların ifasında sevilən musiqi nömrələri təqdim olunub.

Sərgidə Sumqayıt, Şuşa, Xızı rəssamlarının ümumilikdə 60-dan çox əsəri nümayiş olunub. Rəssamlar Qələbəmizi əks etdirən əsərləri haqqında sərgi iştirakçılarına ətraflı məlumat veriblər.

Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarının bir neçə mədəniyyət müəssisəsində də Zəfər Günü ilə bağlı tədbirlər keçirilib.

***

Bərdə RMİ-nin təşkilatçılığı ilə şəhid ailələrinin övladları üçün Bakıdakı Hərbi qənimətlər parkına ekskursiya təşkil edilib. Bərdə, Tərtər rayonlarından, o cümlədən Yevlax və Mingəçevir şəhərlərindən olan şəhid övladlarının, regional idarənin aparat üzvlərinin iştirak etdiyi ekskursiyada parkın Vətən müharibəsində qazanılan Zəfərin strateji əhəmiyyətini nümayiş etdirən tarixi qəhrəmanlıq kompleksi olduğundan söz açılıb. Ekskursiya çərçivəsində iştirakçılar Dənizkənarı parkda təşkil olunan “Zəfər” yarmarkası ilə də tanış olublar.

***

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində "Zəfər Günü" münasibətilə tədbir keçirilib. Muzeyin direktoru Sahib Məmmədov çıxışında Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən 8 noyabrın Zəfər Günü elan edilməsindən və bu qüruru bizə bəxş edən şəhidlərimizin qəhrəmanlığından söz açıb. Daha sonra Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Gülnurə Əliyevanın məktəbin III sinif şagirdləri ilə hazırladığı "Zəfər Günü" adlı kompozisiya nümayiş etdirilib.

Ağdam rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Qiyaslı kənd Uşaq musiqi məktəbi, Çəmənli və Yusifcanlı kənd mədəniyyət evləri, MKS-nin Mərkəzi Kitabxanası və filialları da Zəfər Günü münasibətilə müxtəlif tədbirlər təşkil ediblər.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Zəfər yazdı oğulların, hər daşda, hər qayada” adlı konsert təşkil olunub. Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov Zəfər Günü münasibətilə təbrik nitqi ilə çıxış edib. Sonra müğənnilərdən Zabil Məmmədov, Sadiq Hüseynov, Elnur Sadıqov və Sərdar Yunusovun ifalarında “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, “Yaşa, Azərbaycan!”, “Xudayar təsnifi”, “Dədə Qorqud” filmindən mahnı və digər musiqi nömrələri səsləndirilib.

Balakən rayon Şambul kənd Sənətkarlıq klubunda “Zəfərin mübarək, Azərbaycan!” başlığı altında ədəbi-bədii gecə keçirilib. Tədbirdə kənd məktəbi şagirdlərinin ifasında vətənsevərlik ruhlu şeirlər, nəğmələr səsləndirilib.

Şəki şəhəri, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının bir sıra mədəniyyət müəssisələri də əlamətdar günlə bağlı tədbirlər keçiriblər.

***

Lənkəran RMİ Oktay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbinin məzunları olmuş qazilər Abdulla Cəfərli, Elnur Babayev və Eldar Quliyevlə görüş keçirilib. Görüşdə çıxış edən Lənkəran RMİ-nin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov və musiqi məktəbinin müəllimi Aybəniz Dadaşova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

***

Ağstafa RMİ-nin təşkilatçılığı ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. İdarənin rəisi Elbəy Əli Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Tədbir regional idarənin əhatə etdiyi hər üç rayonun (Ağstafa, Tovuz, Qazax) incəsənət ustalarının, mədəniyyət işçilərinin iştirakı ilə geniş konsert proqramı ilə davam etdirilib.

Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən “Zəfərin mübarək, Azərbaycanım!” adlı tədbirdə çıxış edən regional idarənin rəisi Elbəy Əli, Qazax Rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, bu Qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər. Tədbirin bədii hissəsində vətənpərvər ruhlu musiqi nömrələri, şeir parçaları səsləndirilib.

Qazax Dövlət Rəsm Qalereyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şanlı Zəfərimiz gənc rəssamların gözü ilə” başlığı altında rəsm müsabiqəsi keçirilib. Eşqin Quliyev I, Ema Carçılı II, Anar Bənnayev və Ruhin Xasməmmədov isə III yerlərə layiq görülüblər.

Ağstafa, Tovuz, Qazax rayonlarının bir sıra mədəniyyət müəssisələrində də Zəfər soraqlı tədbirlər təşkil olunub.

***

Biləsuvar RMİ Biləsuvar rayon MKS-nin Yuxarı Ağalı kənd kitabxanası kənd məktəbi ilə birgə Zəfər Günü münasibətilə tədbir keçirib. Neftçala rayon Uşaq incəsənət məktəbi Zəfər Günü münasibətilə konsert təşkil edib. Konsertdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və digər dövlət qurumlarının nümayəndələri, qazilər, şəhid ailələri, rayon ictimaiyyəti iştirak edib.

Salyan rayon Uşaq incəsənət məktəbində “Zəfər Günü” adlı konsert keçirilib. Konsertdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşları musiqi nömrələri ilə çıxış ediblər.

Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının bir sıra mədəniyyət müəssisələri də əlamətdar günlə bağlı tədbirlər keçiriblər.

***

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində mərkəzin rəsm dərnəyi üzvlərinin, N.Nərimanov adına 2 saylı şəhər Beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin şagirdlərinin əl işlərindən ibarət “Qarabağ Azərbaycandır!” adlı rəsm sərgisi təşkil olunub.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “44 günlük Zəfər tariximiz” adlı tədbir keçirilib. Tədbirdə vətənpərvər ruhlu mahnılar səsləndirilib, şeir parçaları söylənilib.

Hacıqabul rayon Mədəniyyət Mərkəzinin Təravət instrumental ansamblı “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının bir sıra mədəniyyət müəssisələrində də Zəfər bayramımıza həsr olunan rəngarəng tədbirlər keçirilib.

***

Gəncə RMİ Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində “Zəfər Günün mübarək, Azərbaycanım!” adlı tədbir keçirilib. İdarənin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında “Azərbaycan bayrağı”, “Qarabağ”, “Odlar ölkəsi“, “Cənab leytenant”, “Çırpınırdın, Qara dəniz” və digər musiqilər səsləndirilib.

Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbində Zəfər Gününə həsr olunmuş konsert keçirilib. Konsertdə məktəbin müəllimlərinin ifasında musiqi nömrələri səsləndirilib. Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Şəhidsiz Zəfər olmaz” adlı tədbir keçirilib. Tədbirdə vətənpərvərlik ruhlu musiqi nömrələri ifa olunub, şeir parçaları səsləndirilib.

***

Kürdəmir RMİ Kürdəmir rayon Mədəniyyət Mərkəzi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” adlı rəqs müsabiqəsi keçirilib. Müsabiqədə bədii özfəaliyyət kollektivlərinin üzvləri və rayon məktəblərinin şagirdləri iştirak ediblər.

Kürdəmir Dövlət Rəsm Qalereyasında “8 Noyabr Zəfər Günüdür” adlı rəsm sərgisi açılıb. Füzuli rayon Aşağı Yağlıvənd və Aybasanlı kənd uşaq musiqi məktəblərində konsert proqramı təşkil olunub. Tədbirdə Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xocavənd rayon MKS “N” saylı hərbi hissədə 8 Noyabr – tarixi Zəfər Günü” adlı kitab sərgisi təşkil edib.

***

Şəmkir RMİ Şəmkir Uşaq musiqi məktəbində konsert proqramı keçirilib. Tədbirdə məktəbin şagirdlərinin ifasında vətənpərvər ruhlu musiqilər səsləndirilib. Şəmkir rayonu Çaylı kənd Folklor evinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunan tədbir keçirilib. Tədbirdə kənd məktəbinin şagirdləri tərəfindən mahnılar ifa edilib, şeirlər söylənilib, kompozisiya və səhnəciklər təqdim olunub.

Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının bir sıra mədəniyyət müəssisələrində də tədbirlər keçirilib.

***

Ağdaş, İsmayıllı, Şəmkir və Sabirabad RMİ-nin birgə təşkilatçılığı ilə gerçəkləşən “Zəfər” musiqi festivalının qaliblərinin iştirakı ilə yekun-qala konserti keçirilib. Şamaxı şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə qaliblərə fəxri fərman və diplomlar təqdim edilib. Ağdaş rayon Mədəniyyət Mərkəzinin Ərəb kənd Diyarşünaslıq klubu, kitabxanası və tam orta məktəbin birgə təşkilatçılığı ilə əlamətdar günlə bağlı tədbir keçirilib. Çıxış edənlər Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.

Hazırladı: N.MƏMMƏDLİ