Bu ilin oktyabr-noyabr aylarında Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim azad Vətənim” mövzusunda polşalı məktəbli şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.

Zəfər Günü ərəfəsində səfirlikdə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub və onların əl işlərindən ibarət sərgi açılıb.

Səfir Nərgiz Qurbanova tədbiri giriş sözü ilə açaraq Vətənin müqəddəsliyi və hər bir insan üçün önəmindən danışaraq tarixdə Polşa ilə Azərbaycanın taleyində yaşanmış uğur və kədərin bizi qismət qardaşlarına çevirdiyini deyib. Səfir Polşanın azadlığı uğrunda döyüşmüş azərbaycanlı, Armiya Krayovanın polkovniki Vəli bəy Yadigar və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış polyak Matsey Sulkeviç şəxsiyyətlərin xatirəsinin hörmətlə anıldığını vurğulayıb.

Taleyinə məşəqqətli günlər qismət olmuş Azərbaycanın ərazilərinin 30 il ərzində işğal altında qalmasından bəhs edən səfir Azərbaycan xalqının da Polşa xalqı kimi təcavüzlə heç vaxt barışmadığını, ötən il 44 günlük Vətən müharibəsində işğalçıların torpaqlarımızdan qovulduğunu diqqətə çatdırıb.

N.Qurbanova “Mənim azad Vətənim” mövzusunda müsabiqə barədə danışaraq qalibləri təbrik edib. Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub və sərgiyə tamaşa ediblər.

Sonda müsabiqə iştirakçıları və qonaqlar Azərbaycanın milli şirniyyat növlərindən ibarət çay süfrəsinə dəvət ediliblər.