Noyabrın 7-də Akademik Milli Dram Teatrında Zəfər Günü münasibətilə şəhid anaları və qazilərin iştirakı ilə təntənəli tədbir keçirilib, “Qarabağnamə” tamaşası nümayiş olunub.

Teatrın direktor müavini Hacıbaba Məmmədov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edib. Teatrın Vətən müharibəsində iştirak etmiş əməkdaşları Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusif, Rüfət Cabbarov və Fuad Cəbrayılov haqqında məlumat verilib. Onlara Akademik Milli Dram Teatrının döş nişanları, fəxri fərmanlar təqdim olunub.

Xalq artistləri Əli Nur və Nurəddin Mehdixanlı çıxış edib, Zəfər Günü ilə bağlı fikirlərini bölüşüblər.

Teatrın Vətən müharibəsində iştirak edən əməkdaşlarından Tərlan Əsgərliyə Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunduğu “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, Ruslan Kərimov və Dağlar Yusifə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təqdim olunub.

Sonra Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən “Qarabağnamə” tamaşası nümayiş olunub.

XVIII əsrin sonları – XIX əsrin əvvəlində Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edən tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Aslan Şirin, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev və başqaları ifa edirlər.