Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Prezident və birinci xanım Şuşada Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının yeni binasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar, Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

 

Zəfər yolunun açılışı

Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Yüksək texnoloji imkanların istifadə olunduğu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində həyata keçirilib. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə salınan və Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür. 101 kilometrlik Zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

 

Daşaltı məscidinin təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq üçün müasir infrastruktur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallığın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq.

 

Keyfiyyətli radio-televiziya yayımı təmin olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, Şuşada Radio-televiziya yayım stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdı. 1992-ci ildə Şuşa işğal olunandan sonra stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.

Vətən müharibəsində Qələbədən sonra, 2020-ci ilin 31 dekabrında stansiyada radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.

***

Noyabrın 7-də Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

 

Şuşada üç tarixi məscid bərpa edilir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlərlə bağlı məlumat verib.

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan şəhər və rayonlarımız, oradakı yaşayış və inzibati binalar, bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimiz vandalizm aktlarına məruz qalıb. İşğal altında olan torpaqlarımız azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Hər üç məscidin bərpa işləri "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

 

Mehmandarovların malikanəsi tarixi simasına qovuşacaq

Prezident və birinci xanım Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə də tanış olublar.
İşğal dövründə ermənilər Azərbaycanın bu ərazidə əsrlər boyu yaşayan böyük şəxsiyyətlərinin tarixi irsini məhv etməyə çalışıblar. Mehmandarovların malikanəsi də bu çirkin niyyətlərin qurbanı olub.

Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Qiymətləndirmə işlərinə uyğun olaraq ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.

***

Sonra dövlətimizin başçısı və birinci xanım Şuşaya gəlmiş VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət ediblər, onlarla birlikdə Cıdır düzündə olublar.