Türkiyə Ticarət Nazirliyinin dəstəyi və Türkiyə İxracatçılar Məclisinin koordinasiyası ilə Cənub-Şərqi Anadolu Tekstil və Xammal Ixracatçıları Birliyinin (GATHİB) təşkil etdiyi toxuma parçaların dizayn yarışmasının (“Doku Kumaş Tasarım Yarışması”) birincisi bu il Qaziantep şəhərində keçirildi.

Türkiyənin ən böyük beşinci ixracatçı şəhəri olan Qaziantepdə noyabrın 5-də baş tutan təntənəli mərasimdə bir neçə ay davam edən yarışmaya yekun vuruldu.

“Doku Kumaş Tasarım Yarışması”nın final gecəsinə Türkiyə ticarət nazirinin müavini Riza Tuna Turaqay, Türkiyə Ixracatçılar Məclisinin sədri İsmayıl Güllə, Qaziantep millət vəkilləri, tekstil sektorunun önəmli simaları, eləcə də müxtəlif ölkələrdən media təmsilçilərin qatılmışdı.

Məsləhətçisi modelyer Dilek Hənifin olduğu müsabiqədə 10 finalçıya aid 40 parçanın dizaynı tarixi məkanda – Zeuqma Mozaika Muzeyində sərgiləndi.

Dəfilədən əvvəl çıxış edən GATHİB-nin rəhbəri Ahmet Fikret Kileci layihənin bölgə üçün əhəmiyyətini vurğuladı: “Məqsədimiz bu parçalarla hazır və üst geyim brendi yaradaraq dünyaya satmaqdır. Biz bunu etməyə çalışacağıq. Artıq dünyaya açılmışıq. Qapılarımızı heç kimə bağlamırıq. Amma bizim prioritetimiz öz övladlarımız və dizaynerlərimizdir. Onları müəyyən bir səviyyəyə gətirəndən sonra beynəlxalq yarış təşkil edə bilərik. Yəni bölgələrimizdə öncə öz dizaynerlərimizi yarışdırmaq istəyirik”.

Türkiyə ticarət nazirinin müavini Riza Tuna Turaqay bildirdi ki, əlavə dəyəri yüksək olan məhsulların ixracı dizayn, innovasiya, kreativlik və yüksək brend dəyərinə malik araşdırmalar vasitəsilə həyata keçiriləcək.

Türkiyə İxracatcılar Məclisinin sədri İsmayıl Güllə çıxışında tekstil ixracının vacibliyini qeyd etdi. O, Qaziantepin sənayesi, istehsalı və infrastrukturu ilə hər sahədə fərq yaratdığını bildirdi.

Qeyd edək ki, 222 müsabiqə iştirakçısının dizayn işləri alimlər, modelyerlər, tekstil mühəndisləri və sənaye nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və 10 finalçı müəyyən edilib. Münsiflər heyəti tərəfindən verilən xallara görə, Mihriban Yazar birinci, Gizem Aydemir ikinci, Seda Atalay üçüncü oldu. Müsabiqənin birinci mükafatı 100 min lirə, ikinci mükafatı 50 min, üçüncü mükafatı 25 min lirədir.

Birinci yerin qalibi, hazırladığı parçaya “Fəryad” adı vermiş Mihriban Yazar bunun həm də fəlsəfi əhəmiyyət kəsb etdiyini bildirdi: “COVİD-19 pandemiyası dönəmində insanlar evlərinə qapandıqca, əslində, təbiət özünü yeniləmə prosesinə girib. Mən bu parça dizaynında beton qalaqların arasından çıxan çiçəyi göstərmək istəyirdim. Pandemiya dövründə küçəyə çıxanda bunu başa düşdüm. İnsanın təbiətə müdaxiləsi var və təbiət bundan xilas olmağa çalışır. Düşündüklərimi parçalarda da istifadə etdim. Təbiətin varlığını göstərmək üçün pambıq kimi təbii ipliklərdən istifadə etdim və yaşıl rəngi seçdim”.

“Doku Kumaş Tasarım Yarışması”nın final dəfiləsi böyük maraqla qarşılandı.

Mərasim konsert proqramı ilə davam etdi.

Mehparə SULTANOVA
Ankara