Noyabrın 5-də Nyu-York şəhərinin Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qeyd edib ki, konsert Azərbaycanın qədim şəhəri, incəsənət və mədəniyyət beşiyi olan Şuşada anadan olmuş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz irsini təntənəli surətdə qeyd etmək üçün keçirilir. Vurğulanıb ki, tədbirin Azərbaycan tarixinin ən qürurlu günü – Zəfər Günü ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb. Diplomat proqramda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin i klassik irsinin müasir təsfiri kimi gənc bəstəkarlar tərəfindən hazırlanmış avanqard əsərlərin səsləndirilicəyini diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıran dünya azərbaycanlılarının tarixi Zəfərin əldə olunmasında böyük payı olduğunu bildirib, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Komitə sədri Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və dünya azərbaycanlılarının həmrəyliyi ilə əldə olunmuş böyük Zəfərin birinci ildönümü münasibətilə dünyanın bir çox yerlərində tədbirlərin keçirildiyini deyib.

Layihə rəhbəri – Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova müsabiqənin keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi və onun rəhbəri Yaşar Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycan Respublikasının ABŞ-dakı səlahiyyətli səfiri Xəzər İbrahimə və sabiq səfiri Elin Süleymanova, Azərbaycanın mədəniyyət Naziri Anar Kərimova təşəkkürünü bildirib. Qeyd edib ki, müsabiqənin məqsədi Azərbaycan Dövlət Konservatoriyasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsi, onun musiqi irsinə yeni həyat verilməsidir. Üzeyir Hacıbəylinin Şərqdə ilk opera və ilk operettanın müəllifi olduğunu vurğulayan N.Əliyarova bildirib ki, Üzeyir bəy Azərbaycanın qədim musiqi köklərinə aid olan muğam janrını Avropa musiqisi ilə sintez edərək yeni Azərbaycan professional musiqi sənətini yaratmağa nail olub.

Diqqətə çatdırılıb ki, cari ilin yanvar ayında başlanan müsabiqəyə dünyanın müxtəlif ölkələrindən bəstəkarlar qatılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı Ü.Hacıbəylinin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri, və ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməli idi. 26 ölkədən 51 təqdimat qəbul olunub. Sentyabrın 18-də, Üzeyir Hacıbəylinin doğum günündə bu müsabiqənin qaliblərini elan olub.

N.Əliyarova qeyd edib ki, Hacıbəyli Beynəlxalq Bəstəkarlar Müsabiqəsi hər iki ildən bir keçiriləcək. Xarici bəstəkarlar Üzeyir Hacıbəylinin yaradıcılığını yaxından öyrənib onun mövzularına musiqi bəstələyəcəklər. Həmçinin yeni yaranan əsərləri ifa edən əcnəbi musiqiçilər də dahi bəstəkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcəklər. Daha böyük dinləyici kütləsi bu əsərlər vasitəsilə ustadın musiqi dünyasına bələd olacaq, bütövlükdə Azərbaycan musiqisi, mədəniyyətilə tanış olacaqlar.

Bildirib ki, 2021-ci ildə keçirilən müsabiqənin birinci mükafatına Kolumbiyadan Marius Diaz, ikinci yerə Azərbaycandan Türkar Qasımzadə, üçüncü yerə Böyük Britaniyadan Metyu Perret layiq görülüb. Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçirilən Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutub. Qeyd olunub ki, həmçinin müsabiqədə təqdimatları ilə fərqlənmiş İsraildən Braça Bdilə, Kanadadan Parisa Sabetə, Azərbaycandan Tahir İbişova, Qazaxıstandan Gelimjan Sekeyevə sertifikat təqdim olunacaq. Bundan əlavə, Azərbaycan Bəstəkarlar İttifaqı türk bəstəkarı Orkun Təkəlioğluna Xüsusi Tanınma Sertifikatını, “Şuşa səslənəndə” əsərinə görə Avstriyadan olan Aria Esmaeli Torkanburiyə Hacıbəyli adına xüsusi mükafat və nəhayət, müsabiqədə ən gənc bəstəkar olan 12 yaşlı Zərrin Şükürə xüsusi mükafat təqdim edəcək.

N.Əliyarova münsiflər heyəti üzvləri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə, Mənhəttən Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinqə, Stoni Bruk Universitetin professoru və Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxşə dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda soprano Dilarə Ünsal tərəfindən ifa edilən “Bakı haqqında mahnı” və amerikalı musiqiçi Nigel Smitin Azərbaycan dilində səsləndirdiyi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.