Vətən müharibəsinin ildönümü münasibətilə reallaşan incəsənət layihələrindən biri də noyabrın 5-də paytaxtdakı Xətai Sənət Mərkəzində açılan “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisidir. Sərgi Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyası, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirildi.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgi rəssamlarımızın yaradıcılığında ölkəmizin, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbii gözəllikləri, oradakı tarixi memarlıq abidələri, məscid və türbələrin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış tarixi Zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə təşkil olunub. Sərginin ekspozisiyasında yeni təqdim olunan əsərlərlə yanaşı, Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan rəsmlər də yer alıb.

Direktor qeyd etdi ki, sərgi üçün 156 müəllifin elektron variantda 200-dən çox əsəri təqdim olunub. Münsiflər heyəti tərəfindən 39 müəllifin 45 əsəri nümayiş olunmaq üçün seçilib. Sərginin sonunda əsərləri nümayiş olunan müəlliflərə sertifikatlar veriləcək.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Azərbaycan rəssamlarının xalqımızın həyatında baş verən tarixi hadisələrə münasibətinin əhəmiyyətindən danışdı. Bildirdi ki, rəssam istedadı ilə yanaşı həm də vətənpərvər, öz dövrünün aynası olmalıdır. Sovetlər dövründə respublikamızda yüzlərlə rəsm sərgisi təşkil edilib. Ancaq o sərgilərdə nümayiş olunan əsərləri bəlli ideologiyaya bağlı olub. “Görkəmli rəssam Bəhruz Kəngərlinin 1920-ci ildə çəkdiyi “Qaçqın xanım” rəsmi 1918-ci ildə erməni vandallarının xalqımızın başına gətirdiyi müsibətlərə işıq tutur. Rəssam bu mövzuya silsilə əsərlər həsr edib. Təəssüf ki, çağımızın bəzi tanınmış rəssamlarının yaradıcılığında Qarabağ müharibəsi, Zəfərimiz özünə yer tapmayıb”.

Gənc rəssamların istedad və vətənpərvərliyini yüksək qiymətləndirən sənətşünas onlara yaradıcılıq uğurları arzuladı.

Tədbirdə daha sonra “Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səmədağa Cəfərov, rəssam Yusif Mirzə çıxış edərək “Qələbə hünəri” sərgisinin gənc rəssamların vətənpərvərlik ruhunda inkişafı və şanlı Zəfərimizin təbliğində əhəmiyyətini qeyd etdilər. Gənc rəssamların gələcəkdə də bu mövzuda yeni əsərlər yaradacaqlarına əminlik ifadə olundu.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

S.FƏRƏCOV