70-dən kənd azad olundu – ordusu tar-mar olan Ermənistan kapitulyasiya aktı imzaladı...

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 44-cü günündə Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyəcəyini dərk edən düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Müharibənin son günü 70-dən kənd və 1 qəsəbə işğalçılardan təmizləndi.

Vətən müharibəsinin 44-cü günündə Azərbaycan Silahlı Qüvvələrinin yeni qalibiyyət xəbərlərini Prezident, Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabından xalqımızla paylaşdı.

9 noyabrda azad olunan kəndlər:

Füzuli rayonu – Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

Xocalı rayonu – Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

Xocavənd rayonu – Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

Cəbrayıl rayonu – üseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

Qubadlı rayonu – Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

Zəngilan rayonu – Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi.

Laçın rayonu – Güləbürd, Səfiyan, Türklər kəndləri.

Müdafiə Nazirliyi düşmənin atəş nöqtələrinin və şəxsi heyətinin məhv edilməsini əks etdirən videogörüntü yayıb.

Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında bölmələrimizə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir piyada döyüş maşını vurulub. Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan yük maşını zərbə PUA-ları ilə məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” zenit-raket kompleksi, atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi, eləcə də canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bununla bağlı Prezident İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edib.