8 Noyabr – Zəfər Günü münasibətilə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğuna yürüş təşkil olunub. Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşib.

Şəhid ailələri, qazilər, Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağstafa rayonu üzrə könüllülərinin də iştirak etdiyi yürüşün iştirakçıları əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra avtomobil karvanı Keşikçidağ mağaralar kompleksinin ərazisinə yola düşüb.

Yürüş iştirakçıları qoruq ərazisində yerləşən informasiya mərkəzində qarşılandıqdan sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri qəhrəman əzizləri haqqında xatirələrini bölüşüblər. Bundan əlavə, əslən Şuşadan olan tarix üzrə elmlər doktoru İmaş Hacıyev və qazilərin çıxışları dinlənilib.

Daha sonra şəhidlərimizin xatirəsinə ağaclar əkilib, 9 metrlik bayrağın ətrafında şəhidlərin şəkillərindən ibarət fləshmob təşkil olunub. Sonda yürüş iştirakçıları çay süfrəsinə qonaq edilib və xatirə şəkli çəkdirilib.