8 Noyabr — Zəfər Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Samir Qulamovun qəhrəmanlıq salnaməmizi əks etdirən "Bir nəfəs qədər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bayram tədbiri Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə düzənlənib.

İcra başçısı Vüqar Zeynalov tədbirdə çıxış edərək bir il öncə Vətən müharibəsində qazandığımız böyük Zəfərin tarixi önəmindən, ümumilikdə həyatımızda misilsiz rolundan söz açıb.

Sonra tamaşa nümayiş olunub. Əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşa qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin mətanətli simasına çevrilən analarımıza həsr olunub. Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu haçansa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır...

Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. TamaşadaPrezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, teatrın balet truppasının artistləri iştirak edirlər.