Azərbaycan Latviyadakı Səfirliyi, Beynəlxalq Muğam Mərkəzi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu haqq-ədaləti bərpa edib: “Biz bu Zəfərlə həm də ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsini qeyd edirik. Heydər Əliyevin banisi olduğu müasir və qüdrətli Azərbaycan dövləti hər birimizin müqəddəs and yeri və qürur mənbəyidir”.

Diplomat həmçinin işğaldan azad edilmiş torpaqlarımızda qısa müddətdə dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında da məlumat verib.

Türkiyənin Latviyadakı səfiri Gülsun Erkul Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək bu şanlı Qələbənin bütün Türk dünyasının ortaq zəfəri olduğunu qeyd edib. Bildirib ki, Türkiyə dövləti Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə başlayan andan etibarən ona öz dəstəyini ifadə edib və bundan sonra da bütün imkanları ilə hər zaman qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək.

“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev şanlı Zəfərimizin tarixi əhəmiyyətindən danışaraq Azərbaycanın haqq işi barədə Latviya ictimaiyyətinin məlumatlandırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən bəhs edib.

Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Amil Səlimov Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və Latviyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən danışıb.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri Məmməd Nəcəfov, Günay İmamverdiyeva, Xəyalə Qafarzadənin ifaları təqdim olunub. Xanəndələri tarda Nurlan Cəbizadə və kamançada Ceyhun Muradov müşayiət edib.

Konsert Beynəlxalq Muğam Mərkəzinin sosial media hesabları vasitəsilə canlı yayımlanıb.

Lalə AZƏRİ