Bakı Uşaq və Gənclər Teatrı hazırladığı “Cənnətə bilet” tamaşası Zəfər Günü münasibətilə paytaxtın iki rayonunda nümayiş olunub.

Tamaşanın ilk premyerası Suraxanı rayonunda keçirilib. Tədbirdə şəhid ailələri və qazilər, rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Etibar Əliyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, ictimaiyyət nümayəndələri iştirak edibər.

“Cənnətə bilet”in növbəti nümayişi Sabunçu rayonunda keçirilib. Nümayişdən əvvəl rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, millət vəkilləri Rauf Əliyev və Vüqar İsgəndərov çıxış ediblər.

Tamaşa torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullara ithaf olunan tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır.

Səhnə əsəri İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinin yaşantılarından bəhs edir. Müharibədə şəhid olan qəhrəmanın iki övladı qalıb. Babaları onlara şəhid atalarının cənnətdə olduğunu deyir. Onlar da uşaq təfəkkürləri ilə cənnətə gedib ataları ilə görüşmək barədə düşünürlər. Atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.

Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc və müharibədə şəhid olan oğullar keçirdiyimiz qürur dolu kədər tamaşada əksini tapıb. Rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli olan tamaşada rolları Mehman Piriyev (Baba), Flora Hüseynova (Nənə), Qurban Əhmədov (Şəhid), Gülnar Əlizadə (gəlin), Rəhimə Abdinova və Əli Babayev (uşaqlar) oynayırlar. Onu da qeyd edək ki, tamaşada çıxış edən Qurban Əhmədov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.