Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 8 Noyabr – Zəfər Günü” həsr olunmuş konsert keçirilib.

Noyabrın 9-da keçirilən konsertdə görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, eləcə də məktəbin məzunu olan qazilər iştirak ediblər.

Dövlət himnimiz səsləndirildikdən sonra Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilatçısı və aparıcısı, məktəbin Nəzəriyyə şöbəsinin müəllimi Leyla Həsənova Vətən müharibəsində şanlı Qələbəmizdən və 9 Noyabr – Dövlət Bayrağı Günü haqqında məlumat verib. Sonra Vətən müharibəsi ilə bağlı videoçarxlar, şəhidlərimizlə bağlı slaydlar nümayiş etdirilib.

Konsert proqramında “Gönçə” xor kollektivinin (rəhbər və xormeyster Zenfira Nurullayeva), Xalq çalğı alətləri ansamblının (bədii rəhbər Nəbi Quliyev) çıxışları alqışlarla qarşılanıb. Proqramın sonunda “Səbinə” rəqs qrupunun (bədii rəhbər – Səbinə İsmayılova) “Şuşanın dağları” və “Alov” rəqs qrupunun (bədii rəhbər –Emil Pənahov) “Sarı gəlin” rəqsləri konsertə xüsusi ab-hava gətirib.

Sonra qəhrəman qazilər alqışlarla səhnəyə dəvət olunublar. Onlar konsertə dəvət aldıqları üçün təşəkkürlərini bildirib, Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Tofiq Bakıxanov qazilərimizə və müəllimi olmuş Qara Qarayevin adını daşıyan Mərkəzi İncəsənət Məktəbinin kollektivinə minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, konsertdə Tofiq Bakıxanovun skripka üçün 5 hissədən ibarət “Süita”sı məktəbin şagirdi Əmirə Terequlova tərəfindən ilk dəfə ifa olunub.

Məktəbin foyesində rəsm şöbəsi şagirdlərinin rəsm əsərləri sərgilənib.