Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti ikicildlik – alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün “Seçilmiş əsərləri” işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz ev” kimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.

İkinci cild ədibin “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri” və “O illərin çörəyi” romanlarını, filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı son sözü ilə təqdim edir.

Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev və Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.