Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsinin dəstəyi ilə Kino və Televiziya Peşəkar Assosiasiyası tərəfindən təşkil edilən IX “İpək Yolu" Beynəlxalq Film Festivalının finalçıları müəyyənləşib.

Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Çin, İtaliya, Suriya, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistandan 3 mindən çox filmin təqdim edildiyi festivalda münsiflər heyətinin ilkin baxışının yekunlarına əsasən milli və beynəlxalq dərəcəli finalçılar seçilib.

Azərbaycanlı rejissor Firəngiz Qurbanovanın “Araxçın” animasiya filmi də beynəlxalq finalçılar arasında yer alıb.

“Birlik” studiyasında istehsal olan “Araxçın” cizgi filminin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova, rəssam-animatoru Zema Əhədovadır.