Noyabrın 13-dən Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi açılacaq.

Layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” Zərgərlik-Saat Evinin (Fransa) dəstəyi ilə keçirilir.

Sərgi görmə imkanları məhdud insanlar üçün sənət əsərlərinin replikalarının yaradılması sahəsində uzun illər aparılan tədqiqatların nəticələri əsasında ərsəyə gəlib. Muzey ziyarətçiləri taktil üsulla dünya mədəni irs nümunələri ilə yeni tərzdə, yaxından tanış olacaqlar.

Ermitajda qorunub saxlanılan və dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçasının Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan inklüziv fraqmentləri sərgidə təqdim olunacaq. Görmə imkanları məhdud şəxslər fraqmentlərə toxunmaqla onu təsəvvürlərində canlandıra biləcək, ornamentlərinin formasını hiss edəcəklər.

Sərgidə “Pazırıq” kurqanında tapılmış keçə məmulatlarının relyefli replikaları, Pəncikəndin məşhur freskaları əsasında hazırlanmış barelyeflər və onların animasiya edilmiş süjetləri, Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli və s. nümayiş etdiriləcək.

Azərbaycan Milli Xalça Muzeyinin inklüziv layihəsinin dünya şöhrətli muzeydə tətbiqinə 2020-ci ildə Dövlət Ermitajı ilə imzalanan əməkdaşlıq haqqında memorandum əsasında başlanılıb.

“Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” sərgisi dekabrın 12-dək davam edəcək.