Noyabrın 9-da Parisdə UNESCO Baş Konfransının 41-ci sessiyası işə başlayıb. Təşkilatın mənzil-qərargahında keçirilən sessiyanın açılışında xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Sessiyanın ilk günündə 40-cı sessiyanın prezidenti, Türkiyənin qurumdakı daimi nümayəndəsi, səfir Altay Cengizer, UNESCO-nun Baş direktoru Odre Azule çıxış ediblər. 2021-ci ildə dördillik fəaliyyət müddəti başa çatan Odre Azule 41-ci sessiyada ikinci müddətdə UNESCO-nun Baş direktoru vəzifəsinə seçilib.

41-ci sessiyada Baş direktorun 2018-2020-ci illər üzrə hesabatının dinlənilməsi, qeyri-hökumət beynəlxalq təşkilatların müşahidəçi qismində qəbul edilməsi, eləcə də qurumla rəsmi tərəfdaşlıq məsələlərinə baxılacaq.

Baş Konfransın 41-ci sessiyası noyabrın 24-dək davam edəcək.

***

Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov UNESCO-nun Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib. O, ölkəmizin UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” kimi tanınan Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.

Azərbaycan-UNESCO Etimad Fondundan təşkilatın iki əsas prioritetindən olan Qlobal Afrika Prioriteti və gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə UNESCO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, UNESCO-nun mənzil-qərargahında təşkil edilmiş tədbirin həmtəşkilatçısı olduğuna görə Odre Azuleyə təşəkkürünü bildirib.

Öz növbəsində Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.