Noyabrın 12-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Faiq Xudanlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb.

AYB-də keçirilən görüşdə Faiq Xudanlı regional idarənin həyata keçirdiyi ədəbi-mədəni tədbirlər haqqında danışıb. Bildirib ki, idarənin dəstəyi ilə “Kür” ədəbi məclisi yaradılıb. Məclisin əsas məqsədi RMİ-nin əhatə etdiyi beş rayonda (Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd) yaşayan ədəbiyyat adamlarını bir araya gətirmək, regiondakı mədəniyyət müəssisələri ilə tanış etmək, mədəniyyət və ədəbiyyat sahəsində ustad imzalarla görüşlər keçirmək, yazarların bədii nümunələrinin ölkənin nüfuzlu qəzet və jurnallarında nəşr olunmasını dəstəkləməkdir. Eyni zamanda bildirilib ki, regionda ədəbi mühitin inkişafı istiqamətində Yazıçılar Birliyi və onun regiondakı bölmələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub, gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək.

Görüşdə regional idarənin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabları haqqında da məlumat verilib. F.Xudanlı qeyd edib ki, “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabını Fərid Hüseyn, “Nizami Gəncəvinin poetik portreti” kitabını isə Ramil Əhməd tərtib edib. Hər iki müəllifin AYB-nin Gənclər Şurasında təmsil olunması da müsbət haldır.

Daha sonra Xalq yazıçısı Anar regional idarənin bölgədə həyata keçirdiyi işlərdən və Yazıçılar Birliyi ilə sıx əməkdaşlığından məmnun olduğunu ifadə edib. Bu əməkdaşlığın inkişafı istiqamətində gələcəkdə görülə biləcək işlər müzakirə olunub.

Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” nəşrinin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir RMİ-nin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, təqdimat yazısının müəllifi Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.

Kitabda XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirlər əksini tapıb. Nəşr həm də Nizamiyə şeir ithaf edən şairlərin bədii-estetik düşüncəsini, klassik ədəbi irsə olan münasibətini göstərir.