Redaksiya araşdırmaları nəticəsində məlum olub ki, indi çap olunan kitab xeyli əvvəl qırğız dilinə tərcümə edilsə də, müəllif, Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov rəsmi dövlət vəzifəsi tutduğu dövrdə onun çap olunmasına razılıq verməyib. Bu yaxınlarda, oktyabrın əvvəllərində o, Azərbaycan Prezidentinin sərəncamı ilə geri çağırılandan sonra kitab nəşr edilib. Bunu müəllifin həyat kodeksi ilə bağlı maraqlı detal olduğuna görə xatırlatdıq.

Bu sözlər şair və dramaturq, publisist, Əməkdar incəsənət xadimi Hidayət Orucovun qırğız dilində şeir və poemalarından ibarət kitabı haqqında Qırğızıstan mediasında dərc olunan yazılarda yer alıb.

“Kabar” informasiya agentliyi “Ulduzlu səma altında” adı ilə nəşr olunan kitabı təqdim edərək bildirir ki, nəşrə müəllifin müxtəlif illərdə qələmə aldığı şeir və poemaları daxil edilib.

Onların tərcüməsi üzərində tanınmış şairlər Haydarbek Sarmanbetov, Dogdubek Yusupov, Jediger Saalay, Zamirbek İmanaliev, Baktyqul Çoturova və Altınay Temirovanın çalışdığı qeyd olunan kitabın başlıca məziyyəti kimi şairin bəzi şeirlərinin iki-üç tərcümədə verilməsi diqqətə çatdırılır və nəşrə ön sözü Qırğızıstanın Xalq şairi, Omor Sultanovun yazdığı vurğulanır.

Yazıda müəllifin əbədi mövzuları, onların qayəsi xatırladılaraq qeyd edilir: “Müdrik mütəfəkkir, tanınmış qələm ustadı özünün çoxşaxəli yaradıcılığında məhəbbət, din kimi sadə, eyni zamanda, dərin və tükənməz mövzulara toxunur, əbədiyyət və böyüklük, vətənpərvərlik duyğuları ifadə olunur, planet bütün xalqların vahid evidir ideyasını özündə əks etdirir”.

Yazının sonunda qeyd edilir ki, ədəbi aləmdə Hidayət təxəllüsü ilə tanınan Hidayət Orucov 2012-ci ildən 2021-ci ilin oktyabrınadək Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.