Noyabrın 12-də Avropa Milli Kitabxanaları Konfransı – CENL-in mədəni proqramlaşdırma mövzusunda təşkil etdiyi vebinarda Azərbaycan Milli Kitabxanası da iştirak edib. Vebinara Avstriya Milli Kitabxanasının təmsilçisi və CENL İcra Komitəsinin üzvü Hans Petşar rəhbərlik edib.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova onlayn tədbirdə çıxış edib. O bildirib ki, bu il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 ili tamam olur. Şairin 880 illiyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Sonra o, “Nizami Gəncəvi İli” ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi layihələrdən bəhs edib və “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” adlı elektron məlumat bazasını seminar iştirakçılarına nümayiş etdirib. Bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana birgə dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassikləri ilə bağlı əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin ölkəmizə gətirilməsi layihəsini həyata keçirir. Layihə çərçivəsində “Nizami Gəncəvi İli” ilə əlaqədar olaraq şairin dünya milli kitabxanalarında saxlanılan qədim əlyazmalarının rəqəmsal nüsxələri əldə edilib. Ədibə İsmayılova həmin nüsxələrlə, xüsusilə Türkiyənin Topqapı Sarayı Muzeyində və Çexiya Milli Kitabxanasında saxlanılan qədim əlyazmalarla iştirakçıları tanış edib.

Sonra elektron məlumat bazasındakı “Nizami Gəncəvi və incəsənət” bölməsindən Bülbülün ifasında “Gül cəmalın” adlı musiqi parçası və “Nizami və kino sənəti” bölməsindən filmlərdən kadrlar nümayiş olunub.

Vebinarda Serbiya Milli Kitabxanasının direktor müavini Draqan Puresic, Zaqreb Milli və Universitet Kitabxanasından (Xorvatiya) Draqana Koljenik, Britaniya Kitabxanasından Konrad Bodman və başqaları çıxış ediblər.