Türk dünyasının ayrılmaz parçası olan doğma Qarabağda – gözəl Şuşada Türk Dünyası Mədəniyyət Mərkəzinin inşa edilməsini təklif edirik. Tərəfimizdən bu istiqamətdə işlər aparılmaqdadır. Bu mərkəz tariximizin, mədəniyyətimizin, irsimizin birləşdiyi məkan olacaq, həmrəyliyimizin simvollarından birinə çevriləcək, əbədi qardaşlığımızın yeni bir sübutu olacaq.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu sözləri noyabrın 11-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin 8-ci toplantısında çıxışı zamanı bildirib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin bütün Türk dünyasının Qələbəsi olduğunu vurğulayan G.Əfəndiyeva deyib: “Bu Zəfər bütün Türk dünyasını birləşdirdi. Türkiyənin Azərbaycana dəstəyi bütün dünyaya həqiqi qardaşlığın və dostluğun nümunəsi oldu. Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər bir daha ortaq dəyərlərə sahib olduqlarını sübut etdilər. Bu dəyərləri, zəngin irsimizi unutmamaq, dünyaya tanıtmaq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ən vacib öhdəliklərindən biridir”.

Fondun bu istiqamətdə həyata keçirdiyi layihə və tədbirlərdən bəhs edən G.Əfəndiyeva bu il fondun sənədlərinin təsdiqləndiyini də diqqətə çatdırıb və buna görə qurucu üzv ölkələrin – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçılarına dərin minnətdarlığını bildirib.