Xəbər verildiyi kimi, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü keçirilib.

Sammitdən öncə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin yeni binasının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.

Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zirvə görüşündə türkdilli dövlətlərin əməkdaşlıq formatının təkmilləşdirilməsi və Türk dünyasında inteqrasiya proseslərinin daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, mühüm qərarlar qəbul edilib. Quruma sədrlik Azərbaycandan Türkiyəyə keçib.

Öncədən də elan edildiyi kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilib. Zirvə görüşündə qəbul edilən qərara əsasən, Türk Şurası Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Zirvə görüşündə “Türk Dünyası 2040 Vizyonu” adlı proqram sənəd də təsdiq edilib.

Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə üzv olub. Qərarı sammitə sədrlik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan quruma üzv ölkələrdir, Macarıstan isə müşahidəçi statusu ilə təşkilata üzvdür.

Sonda dövlət başçıları VIII Zirvə görüşünün yekun sənədini – İstanbul Bəyannaməsini imzalayıblar.