Xəbər verdiyimiz kimi, 8-12 noyabr tarixində İstanbulda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Dədə Qorqud” (“Korkut Ata”) Türk Dünyası Film Festivalı keçirilib. Azərbaycan filmləri də festivalda geniş təmsil olunub.

12 noyabrda Atatürk Mədəniyyət Mərkəzində keçirilən festivalın bağlanış mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya “Şərəf mükafatı” təqdim olunub.

Mükafatı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.

Arzu Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: “Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub.

“Korkut Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın Türkiyə-Azərbaycan birliyi! Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, festivala Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb. Ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu iclas” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib. Festivalda, həmçinin azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi nümayiş olunub.

Türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri ortaq audiovizual məkan yaratmaq və Türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. “Dədə Qorqud” festivalının gələcəkdə Türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycanın təklifinə əsasən, növbəti festivalların türkdilli ölkələrin müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda “Dədə Qorqud” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər əksini tapıb.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov festivalın keçirilməsinə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, bu festival ortaq adət-ənənə, mədəniyyət və bir çox digər dəyərlərimizin nəinki türk dövlətlərində, eləcə də bütün dünyada tanıdılmasına vəsilə olacaq. Bu bəyanatla film və serial sahəsində əməkdaşlığımız güclənəcək və birgə layihələrə imza atacağıq.

Nazir Anar Kərimov 2023-cü ildə təşkil olunacaq festivalın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcəyini bildirib.

Təqdimetmə mərasimində türkdilli dövlətlərin milli rəqsləri ifa edilib, festivalın tanıtım videoçarxları nümayiş olunub.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada, sonra da digər ölkələrdə keçirilməsi ilə bağlı alınan qərarın ən sevindirici xəbər olduğunu bildirib.

Mərasimdə festivalın digər mükafatları təqdim edilib. “Ən yaxşı bədii film” mükafatı azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminə verilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” tərəfindən istehsal olunmuş “Biz” sənədli filmi nümayiş olunub.