Bakı Dövlət Sirkində sərgi

 

Vətən müharibəsində şanlı Qələbəmizin ildönümü münasibətilə Bakı Dövlət Sirkinin foyesində “Zəfər rəssamların gözü ilə” adlı sərgi təşkil olunub.

Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyası, “ASAN Könüllüləri” əşkilatının “Əsgərə məktub” layihəsi və “Caspian Awards”ın dəstəyi ilə gerçəkləşib.

Şəhid və qazi ailələrinin dəvət olunduğu sərgidə 15-ə yaxın peşəkar rəssamın Zəfər Günümüzə həsr olunan əsərləri nümayiş etdirilib.

Sərgi sirkin orkestrinin ifasında “Heyratı” zərbi-muğamının sədaları altında açılıb.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov, Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud və başqaları çıxış edərək şəhid və qazi ailələrinə təşəkkürlərini bildiriblər. 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlar döyüş təəssüratlarını bölüşüblər.

E.Hüseynov daha sonra tamaşaçıları “Hünər meydanı” adlı sirk proqramına baxmağa dəvət edib. Proqram qonaqlar tərəfindən maraqla qarşılanıb. Bundan başqa, “Şəhid övladlarının Zəfər sədası” xor dəstəsi də sərgi iştirakçıları üçün öz klipini (layihə rəhbəri Həcər Əkbərova) təqdim edib.

Daha sonra tədbir iştirakçıları və BDS-nin kollektivi Vətənin keşiyində ayıq-sayıq dayanan qəhrəman əsgərlərimizə məktub yazıb.