Balaş Azəroğlunun 100 illiyi münasibətilə onlayn konfrans


Xalq şairi, görkəmli ədəbiyyatşünas Balaş Azəroğlunun (1921-2011) 100 illik yubileyi münasibətilə “Mən hicranla dolu ömür sürmüşəm” adlı videokonfrans keçirilib.

Konfransın moderatoru, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək bildirib ki, bu il Balaş Azəroğlunun anadan olmasının 100, vəfatının 10-cu, həmçinin şairin həyat yoldaşı Mədinə Gülgünün (1926-1991) anadan olmasının 95, vəfatının isə 30-cu ildönümüdür: “Adları çəkiləndə Güneyli-Quzeyli Azərbaycan yada düşən, öz yaradıcılıqlarında daha çox Vətəndən, xalqın azadlıq ruhundan yazan bu şairlərimizin ruhunu yad etmək vəfa borcudur”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Balaş Azəroğlu və onun ömür-gün yoldaşı Mədinə Gülgünün şeirlərini hələ uşaq vaxtlarından sevə-sevə oxuduğunu, ailəsində Güney Azərbaycanla bağlı ədəbiyyatın həmişə əziz tutulduğunu vurğulayıb: “Mən televiziyada işləyərkən Balaş Azəroğlu ilə dəfələrlə görüşmüşəm, Güney Azərbaycan ədəbiyyatının tarixi haqqında onun qiymətli fikirlərini dinləmişəm. Balaş müəllim canlı ensiklopediya idi, xatirələri çox zəngin idi”.

Millət vəkili B.Azəroğlu və M.Gülgünün seçmə şeirlərindən ibarət kitabın nəşr edilməsi təşəbbüsü ilə çıxış edib. O, həmçinin bu ilin dekabrında M.Gülgünün 95 illik yubileyinə həsr olunmuş konfransın da planlaşdırıldığını bildirib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli nazir Anar Kərimovun salamlarını konfrans iştirakçılarına çatdırıb. Şairin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşən şöbə müdiri qeyd edib ki, Balaş Azəroğlunun bədii irsində vətənpərvərlik mövzusu qırmızı xətlə keçir: “Əsərlərində Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizəni tərənnüm edən şair bu əqidəsinə hər zaman sadiq qalıb. Dilimizi dərindən duyan, onun bədii çalarlarına yaxşı bələd olan Balaş Azəroğlu yenilikçi ruhu ilə forma və məzmun baxımından ədəbiyyatımızı zənginləşdirib, xalqa bir daha sevdirib”.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid qurumun rəhbəri, Xalq yazıçısı Anarın salamlarını çatdırıb, Balaş Azəroğlu ilə bağlı xatirələrini danışıb.

Xalq şairinin oğlu Etibar Abizadə, şair, ədəbiyyatşünas Təranə Turan Rəhimli, musiqişünas Maya Qafarova, “Vektor” nəşriyyatının rəhbəri Elçin İsgəndərzadə və başqaları Balaş Azəroğlunun gənc nəslə örnək həyat və yaradıcılığı haqqında mülahizələrini bölüşüblər.

Sonda Etibar Abizadə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.