Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Noyabrın 11-də hibrid formatda təşkil olunan tədbirə videobağlantı vasitəsilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva da qatılıb.

Tədbiri giriş sözü ilə açan Rusiyan Federasiyası mədəniyyət nazirinin müavini – stats-katib Alla Manilova ötən dövr ərzində MDB-yə üzv dövlətlərin bir çox sahələrdə təcrübə mübadiləsi apardığını, bu illərdə çoxsaylı birgə mədəni tədbir və layihələrin həyata keçirildiyini deyib.

Açılış nitqlərindən sonra A.Manilovanın moderatorluğu ilə “Təcrübə və innovasiyalar” adlı ilk panel işə başlayıb. Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva 30 illik inkişaf kontekstində MDB-nin keçdiyi yola nəzər salaraq, Azərbaycanın təşkilatla humanitar sahədə əməkdaşlığının, reallaşdırılan tədbir və layihələrin əhəmiyyətini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayan nazir müavini hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsin dirçəldilməsi və Qarabağın mədəni ruhunun bərpası istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan işlər haqqında söz açaraq bölgənin yenidən mədəniyyət məkanına çevriləcəyinə əminliyini ifadə edib.

Bununla yanaşı, Azərbaycan Respublikasının beynəlxalq miqyasda bir sıra vacib təşəbbüslərlə çıxış etdiyini bildirən S.Məmmədəliyeva mədəniyyətlərarası dialoq və ölkəmiz tərəfindən irəli sürülmüş “Peace4Culture (Mədəniyyət naminə sülh)“ qlobal təşəbbüsü haqqında məlumat verərək dövlətimizin dayanıqlı inkişafa və inklüziv gələcəyə fokuslandığını deyib.

XXI əsrdə qlobal müstəvidə cərəyan edən proseslər və planetimizin gələcəyinə dair müasir dünyanın baxışlarını təhlil edən nazir müavini bəşəriyyətin xoşbəxt gələcəyi üçün mədəniyyət sahəsinin artan əhəmiyyətini diqqətə çatdırıb. Sonda MDB-nin 30 illik yubileyi münasibətilə bütün iştirakçıları təbrik edən S.Məmmədəliyeva regiona sülh, əmin-amanlıq və mədəniyyətin çiçəklənməsini arzulayıb.

Məzmunlu çıxış üçün S.Məmmədəliyevaya təşəkkürünü bildirən Rusiya mədəniyyət nazirinin müavini A.Manilova 2021-ci ildə COVİD-19 pandemiyası səbəbindən keçirilməsi təxirə salınan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun 2022-ci ildə təşkil ediləcəyini və Azərbaycanın “Qonaq ölkə” fəxri statusunda foruma qatılacağını bir daha elan edib. Tədbirdə digər üzv ölkələrdən rəsmilər də çıxış ediblər.