Xəbər verdildiyi kimi, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvəsində qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə üzv olub. Xatırladaq ki, 2018-ci ildə Macarıstan da quruma müşahidəçi üzv kimi qəbul olunub.

Beləliklə, hazırda Türk Dövlətləri Təşkilatının beş qurucu üzvü (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) və iki müşahidəçi üzvü (Türkmənistan, Macarıstan) var.

Zirvənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birgə imzası ilə İstanbul Bəyannaməsi qəbul olunub.

121 maddəlik bəyannamə 5 əsas başlığı əhatə edir: siyasi mövzular; xarici siyasət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq; iqtisadi və sektorlar üzrə əməkdaşlıq; beynəlxalq əməkdaşlıq; Türk dünyasında institusional əməkdaşlıq və təşkilatı məsələlər.

Bəyannamədə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi yüksək qiymətləndirilir, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı vurğulanır, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, eləcə də üzv və müşahidəçi dövlətlərin işğaldan azad edilən Azərbaycan ərazilərində bərpa və quruculuq işinə dəstək veriləcəyi bildirilir.

Sənəddə, həmçinin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında fəaliyyət göstərməsi istəyinin Türkiyə tərəfindən təsdiqləndiyi bildirilib.

Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb.

Mehparə SULTANOVA
Ankara