İstanbulun tarixi Fişekhane səhnəsində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib. Noyabrın 13-də təşkil olunan tədbirdə Azərbaycanın və Türkiyənin rəsmiləri, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva çıxış edərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində belə bir konsertin iki mühüm tarixə həsr olunduğunu vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsindəki böyük Zəfərin, eləcə də dahi Nizami yaradıcılığının Türk dünyası üçün müstəsna əhəmiyyətindən söz açıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu ilin Azərbaycan və bütövlükdə Türk dünyası üçün önəmli olduğunu qeyd edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbəni bütün türklüyün Zəfəri adlandırıb. Günay Əfəndiyeva əsrlərin müasiri olan, neçə-neçə nəsillərin yoluna işıq saçan Nizami Gəncəvinin yaradıcılığının Türk dünyasının bəşəri sərvəti olduğunu bildirib. Fondun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva həyata keçirilən layihələrdən birinin “Dədə Qorqud” kamera orkestrinin yaradılması olduğunu vurğulayıb.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov çıxış edərək bu günlərdə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün, “Korkut Ata” Türk Dünyası Film Festivalının, eyni zamanda Azərbaycanın Zəfər Gününə və Nizami Gəncəviyə həsr olunmuş konsertin keçirilməsi ilə bütün Türk dünyasının bir yerə toplaşdığını vurğulayıb. Anar Kərimov Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında Türkiyənin dəstəyindən söz açıb. Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirildiyini qeyd edərək, tədbirin təşkilini yüksək qiymətləndirib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycanın tarixi ədaləti bərpa edərək əldə etdiyi möhtəşəm Qələbənin bütün Türk dünyasının qürur qaynağına çevrildiyini deyib. Nizami Gəncəvinin zəngin irsindən söz açan nazir müavini onun yaradıcılığının bütün dünyanın çərçivələrinə sığmadığını bildirib.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi altında yaradılan “Dədə Qorqud” kamera orkestrinin konsert proqramı təqdim edilib. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlovdur. Proqramda Nizami Gəncəvinin sözlərinə yazılmış musiqilər, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də digər görkəmli bəstəkarların əsərləri səsləndirilib. Tarda Azərbaycanın Əməkdar artisti Əliağa Sədiyevin, skripkada Rüstəm Mustafanın, vokalçılar Selcan Nəsibli və İsmayıl Zeynalovun ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.