Özbəkistanda III beynəlxalq Daşkənd təsviri incəsənət biennalesi təşkil olunub.

20 ölkədən 100-dən çox sənətkarın, elm xadiminin iştirak etdiyi biennaleyə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə və həmin institutun şöbə müdiri Rəna Abdullayeva da qatılıb.

Müxtəlif ölkələrdən olan sənətkarlar milli dulusçuluq, kalliqrafiya və miniatür işlərini, tətbiqi sənət əsərlərini, milli və müasir geyimlərini nümayiş etdiriblər.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov qalibləri və iştirakçıları təbrik edib. O, incəsənətin bu növləri üzrə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra qaliblərin adları elan edilib. Özbəkistanın nümayəndəsi, dulusçu Abduvahid Karimov Qran-prinin sahibi olub. Tacikistan, Qazaxıstan və Rusiya nümayəndələri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb, altı iştirakçı isə həvəsləndirici mükafat alıb.

Biennalenin münsiflər heyətinin üzvü Ərtegin Salamzadə bildirib ki, beş gün ərzində Daşkəndin müxtəlif sərgi salonlarında keçirilən biennaleyə bir-birindən gözəl incəsənət nümunələri təqdim olunmuşdu. Biennaledə ümumilikdə yeddi ölkədən 10 nəfər qalib olub və mən belə hesab edirəm ki, biz ədalətli qərar qəbul etmişik.

Səfər çərçivəsində Ə.Salamzadə Daşkənddəki Kəmaləddin Behzad adına Milli Rəssamlıq İnstitutunun professor-müəllim heyəti, rəssamlar, sənətşünaslar, dizaynerlər və tələbələr qarşısında mühazirə də oxuyub. Alim Azərbaycan incəsənəti və mədəniyyəti haqqında ətraflı məlumat verib.