Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Zəfəri qardaş türk xalqları tərəfindən də böyük sevinclə qarşılanıb. Zəfərin ildönümündə türk dövlətlərinin media quruluşları da bu böyük tarixi hadisəyə diqqət göstərib.

Özbəkistanın dövlət televiziyasında Zəfər Günümüzlə bağlı veriliş yayımlanıb.

Verilişdə Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında məlumat verilib. Bildirilib ki, Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqları azad edib. Diqqətə çatdırılıb ki, Zəfər Günündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edərək əlamətdar gün münasibətilə öz təbriklərini çatdırıb.

Proqramda Azərbaycanın Özbəkistandakı Səfirliyi ilə bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Hyatt Regency Tashkent” hotelində Zəfər Günü münasibətilə keçirdikləri qəbul haqqında da söhbət açılıb.

Verilişdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin çıxışından bir hissə verilir. Ermənistanın təcavüzkar siyasətindən danışan səfir bildirib ki, Azərbaycanın işğal olunan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 30 ilə yaxın müddətdə icra olunmayıb. Ancaq Azərbaycan bu qətnamələrin icrasını cəmi 44 gün müddətində təkbaşına həyata keçirib.

Proqramda çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın çoxsaylı mədəniyyət abidələri dağıdılıb, milli mədəni irsimizə böyük ziyan vurulub, İslam abidələri təhqir edilib. İşğaldan azad olunan ərazilərdə məscidlər dağıdılıb.

Verilişdə Türkiyənin Özbəkistandakı Səfirliyinin mədəniyyət və turizm üzrə məsləhətçisi Alparslan Akıncı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, dosent Tulkin Eşbek, “Mədəniyyət və Mərifət” Mərkəzinin eksperti Cəmilə Şermuxammedova və başqaları Ermənistanın zaman-zaman həyata keçirdiyi işğalçılıq siyasətindən danışıb, belə məkrli planlardan geri çəkilməyə çağırış ediblər.