Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 44 günlük Vətən müharibəsində Zəfərimizə həsr olunan “Zəng” adlı qısametrajlı film çəkib.

Bu barədə filmin ideya müəllifi və rejissoru R.Sabirli özü məlumat verib. Bildirib ki, film I Qarabağ müharibəsində şəhid olmuş ataya Qələbə müjdəsinin verilməsindən bəhs edir. Filmin əsas süjet xətti atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqlarından ibarətdir: “Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. Çalışdım ki, Qələbəmizlə yanaşı, Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Əminəm ki, onların ruhu Qələbə xəbərindən sonra rahatlıq tapıb. Ekran işi tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da Qələbə sevincinin qəhərini yaşadan bir filmdir. Filmin ərsəyə gəlməsində köməklik göstərən “Bakcell” şirkətinə, aktyorlara və komandama dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və Vətən müharibəsi qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar Rəşad Qarayev və Asif Bəşirovdur.

LALƏ