Şanlı Qələbəmizin ildönümü ölkəmizdə və onun hüdudlarından kənarda böyük coşqu ilə qeyd olundu. Zəfər bayramımızda keçirilən tədbirlərdən biri də Bakı şəhəri Biləcəri qəsəbəsindəki şəhid Emin Əliyev adına 297 saylı tam orta məktəbdə gerçəkləşdi.

Qocaman təhsil ocağının akt zalı bayraqlar, Vətən müharibəsi şəhidlərinin fotoları, işğaldan azad olunmuş rayonlarımızın adlarının qeyd olunduğu lövhələrlə bəzənmişdi.

Həyəcanları üzlərindən oxunan məktəblilər və onların müəllimləri gah şagirdlərin hazırlıqlarını yoxlamaq üçün səhnə arxasında pıçıltı ilə son məşqlərini edir, gah da salona boylanaraq tədbirin başlayacağı anı gözləyirdilər.

Akt zalında ənənəvi olaraq məktəbin müəllim və şagird heyəti ilə yanaşı Vətən müharibəsinin qəhrəman şəhidlərinin ailə üzvləri, savaşın canlı şahidləri – qazilər də ön sırada yer almışdılar.

Budur, gözlənən an yetişdi və Azərbaycanın Dövlət Himninin səslənməsi ilə tədbir başladı. Alqış sədaları ilə məktəbin şagirdləri sıra ilə səhnədəki yerlərini aldılar. Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, balacalar ehtiramla təzim etdilər.

Vətənə, şəhidlərə sevgi və sayğı nümayişində sanki yarışa girən balacalar bütün bacarıq və istedadlarını göstərdilər. Heç qonaq məktəbin – Şabran şəhər Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbin ibtida sini şagirdləri də onlardan geri qalmırdı. Böyük həvəslə milli və xarici musiqi nömrələrini, xüsusən Azərbaycanda yaşayan azsaylı xalqların rəqslərini, eləcə də vətənsevərlik ruhlu şeirlər söyləyib, nəğmələr ifa etdilər.

Bundan əlavə, şagirdlər Azərbaycan və rus dillərində Qarabağ həqiqətləri, xalqımızın başına gətirilən faciələr və 44 günlük Vətən müharibəmiz haqqında danışdılar. Balaca ürəklərində bələdikləri böyük Vətən sevgisini titrək səsləri, həyəcanla havada yellənən əl-qol hərəkətləri ilə hər kəsə ötürməyə çalışırdılar.

Tədbirdə Vətən müharibəsi şəhidi, leytenant Nurlan Həsənovun valideynləri, övladı da iştirak edirdi. Şəhidimizin anası Həqiqət xanım, sağlamlığını Vətən uğrunda itirən əlillər də ürək sözlərini bölüşdülər, təşkilatçılara, məktəblilərə təşəkkür etdilər.

Həqiqət xanım oğlunun qəhrəmanlığından, keçdiyi döyüş yolundan, illərlə Vətənə qüsursuz xidmət etməsindən söz açdı. Oğlunun Vətəni bütöv görmək üçün döyüşlərə böyük şövqlə getdiyini və ona Zəfər vəd etdiyini də yada saldı. Ardınca şəhidin yadigarı Nurgül “Cənab leytenant” mahnısını ifa edərək hər kəsi göz yaşına qərq etdi.

Kədər yüklü mənzərəni yenə uşaqlar dəyişdi, Nurgülü yanlarına – səhnəyə dəvət etdilər və birlikdə Qələbə, bayram sevinclərini “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır!” nidaları ilə sona yetirdilər.

Sonda qonaqlara xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edildi.

HƏMİDƏ