Milli Dram Teatrı beynəlxalq gənclər forumunda iştirak edəcək
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Baltikyanı Dövlətlərin IV Gənclər Teatr Forumunda iştirak edəcək.

30 noyabr – 7 dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək forumda teatrın “Manqurt” və “Bir, iki – bizimki!” tamaşaları nümayiş olunacaq.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.

“Bir, iki – bizimki!” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.

Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edirlər.

Qeyd edək ki, beynəlxalq forumun maarifləndirici proqramında Azərbaycandan teatr rəssamları, dramaturqlar və tənqidçilər də iştirak edəcəklər.