“İlk növbədə azad olunmuş ərazilərdə düşmən tərəfindən talan edilmiş mədəniyyət obyektlərinin, muzey eksponatlarının siyahısını hazırlamalıyıq”.

Bu sözləri mədəniyyət naziri Anar Kərimov noyabrın 15-də Qobustan qoruğunda keçirilən “Yurdda bayram” festivalında jurnalistlərə açıqlamasında dedi.

Nazir bildirdi ki, işğal illərində talanmış muzey eksponatlarının çoxunun taleyi məlum deyil: “Amma bəziləri haqqında məlumatımız var. Biz bu məlumatları toplayıb beynəlxalq konvensiyalar çərçivəsində iddialar qaldıracağıq. Məqsədimiz budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın. Bilirsiniz ki, Ermənistan işğal zamanı Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmişdi. Bunu fəxrlə də göstərirdilər. Bu, cinayət olmaqla yanaşı beynəlxalq hüquqa qarşı hörmətsizlikdir. Biz bu barədə UNESCO-ya da dərhal məlumat verdik. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək. Biz erməniləri rahat qoymayacağıq. Onlar başa düşəcəklər ki, oğurlanmış bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”.

ABŞ-ın Metropoliten Muzeyində Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinə münasibət bildirən nazir bəzi ölkələrdə məqsədli şəkildə Azərbaycana aid olan görkəmli şəxsiyyətlər, eləcə də sənət əsərləri ilə bağlı həqiqətlərin təhrif edilməsinin təəssüf doğurduğunu qeyd etdi. “Bu, illərdir bizə qarşı aparılan böyük bir kampaniyadır. Mütəmadi olaraq xaricdə olan tərəfdaşlarımızı və mədəniyyət institutlarını xəbərdar etməyə çalışırıq. Burada məlumatlılıq səviyyəsinin artırılması önəmlidir. Dünyaya göstərməliyik ki, Nizami Gəncəvi də, Füzuli də, xalçalarımız da Azərbaycan xalqına məxsusdur. Bu, uzunmüddətli bir işdir və bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Biz bu cür mənimsəmələrin qarşısını almaqda qərarlıyıq”, – deyə nazir bildirdi.

NURƏDDİN