Noyabrın 15-də Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi İli” çərçivəsində beynəlxalq elmi konfrans keçirilib. Elmi tədbir Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) və İstanbul Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.

Konfrans iştirakçıları əvvəlcə Gəncənin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra dahi şairin məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış olublar.

Daha sonra GDU-nun 2-ci korpusunun akt zalında işə başlayan beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan universitetin rektoru Yusif Yusibov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışıb. O, qardaş Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini xüsusi vurğulayıb.

Konfransın əhəmiyyətindən söz açan rektor bildirib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami irsi hər zaman dünya alimlərinin diqqət mərkəzində olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Nizaminin 880 illiyi ilə əlaqədar dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq şairin yurdunda həyata keçirilən tədbirlərdən danışıb.

Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk qardaş ölkələrimizin bütün sahələrdə, o cümlədən mədəni əlaqələrin genişləndirilməsində həyata keçirilən tədbirlərdən danışıb, dahi söz ustası Nizami Gəncəvinin Türkiyədə dərindən öyrənilməsi və tədqiq olunmasının əhəmiyyətini qeyd edib.

İstanbul Universitetinin rektoru Mahmut Ak, İzmir Katip Çelebi Universitetinin rektoru Saffet Köse, Gəncə Dövlət Universitetinin müəllimləri və başqa çıxış edənlər şairin əsərləri haqqında söz açıblar.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Konfrans çərçivəsində Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yerləşən Yunus Əmrə adına mühazirə otağı və universitetin əsas tədris binasında Nizami Gəncəvi adına konfrans zalının açılışları da olub.