Noyabrın 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 illik yubileyi tamam olub. Zəhmətkeş alim həyatının 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və kitabxanaların inkişafına həsr edib.

Əsas tədqiqat sahəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının tarixi olan alim ilk dəfə Milli Kitabxananın yarandığı gündən etibarən keçdiyi yolu əsaslı şəkildə araşdırıb, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə edib və 2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. K.Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayıb. O, dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.

K.Tahirov “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)” adlı monoqrafiyanın, “Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası” adlı dərs vəsaitinin, 150-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru, 250-dən artıq elmi məqalənin müəllifidir. O, 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik. “Azərbaycan Milli Kitabxanasının elmi əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” oncildlik milli biblioqrafiyanın baş redaktorudur.

Professor Kərim Tahirovun Azərbaycan Milli Kitabxanasına rəhbərliyi dövründə kitabxananın fəaliyyətində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpacaq irəliləyişlər baş verib. Bu gün Milli Kitabxana Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür. Milli Kitabxanada oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunub, müxtəlif mövzulara dair 70-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunub, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilib, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 44 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb.

Kərim Tahirov “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Beynəlxalq musiqi kitabxanası” və s. layihələrin rəhbəridir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan olunan “Nizami Gəncəvi İli”ndə işıq üzü görən, dahi şairə həsr olunmuş ilk fundamental biblioqrafiyanın – “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının müəllifi və elmi redaktorudur.

Kkitabxanaşünas alimin yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Professor – Kərim Tahirov” adlı elektron məlumat bazası (http://anl.az/el/emb/K.Tahirov/index.html) və “Kitabxanaşünas alim – Kərim Tahirov” adlı virtual sərgi (http://anl.az/el/vsb/Kitabxanasunas_alim_Kerim_Tahirov/index.htm) hazırlanıb.

Azərbaycan Milli Kitabxanasının kollektivi dəyərli аlim, pеdаqоq, ictimаi хаdim, professor Kərim Tahirovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır.

“Mədəniyyət” qəzetinin kollektivi də professor Kərim Tahirovu 70 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayır.