Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış teatr və kino aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov 16 noyabr 2021-ci il tarixdə, 86 yaşında vəfat edib.

Məcnun Salam oğlu Hacıbəyov 5 oktyabr 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində dünyaya göz açıb. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsini bitirib.

40 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan aktyor bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. Onun “Əliqulu evlənir”də Xəlil, “Ölülər”də Mir Bağır ağa, “Sevil”də Məmmədəli bəy, “Bağlardan gələn səslər”də Şirin dayı, “Məhəbbət əfsanəsi”ndə Ustabaşı, “Quşu uçan budaqlar”da Mehdiqulu, “Falçı”da Keşi, “Xanuma”da Birinci knyaz, “Qılınc və qələm”də Sultan Toğrul, “Unuda bilmirəm”də milis mayoru və s. obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. “Nişanlı qız”da Mirzə Salman, “Hökmdar və qızı” tamaşasında Naxçıvan xanı, “Göytürklər”də Salır xan Məcnun Hacıbəyovun aktyor məharətini daha aşkar nümayiş etdirən obrazlarındandır.

Sənətkar “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında da öz sənət potensialını göstərməyə nail olub.

Bir-birindən maraqlı obrazlar qalereyası yaradan Əməkdar artist Məcnun Hacıbəyovun xatirəsi doğmalarının və sənət dostlarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.