Tanınmış azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov noyabrın 16-da, 59 yaşında vəfat edib.

Seyfəddin Əli oğlu Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu (Ukrayna) bitirib. 1987-ci ildən sənət sahəsində uğurlu addımlar atıb, Ukrayna və ümumittifaq sərgilərində iştirak edib.

Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasında əmək fəaliyyətinə başlayan S.Qurbanov sonradan həmin kafedranın dosenti olub. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqı Xarkov filialının üzvü olan sənətkar 2004-cü ildə bu ölkənin “Əməkdar rəssam”ı, 2005-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Seyfəddin Qurbanov “Tərəqqi” medalı ilə təltif olunub.

Sənətkar soydaşımız Kiyev şəhərində Səməd Vurğunun, 2019-cu ildə təntənəli şəkildə açılışı keçirilən İmadəddin Nəsiminin abidəsinin, eləcə də İrpen şəhərində görkəmli oftalmoloq Zərifə Əliyevanın büstünün, Ukraynanın müxtəlif şəhərlərində abidə-kompozisiyaların müəllifidir.

Heykəltəraşın son işlərindən biri 2021-ci ilin oktyabr ayında Xarkovda yenidən qurulan “Mütəfəkkirlər bağı”nda qoyulan Ukrayna, Azərbaycan və Qazaxıstanın tanınmış mütəfəkkirləri – filosof Qriqori Skovoroda, böyük maarifçi, dramaturq Mirzə Fətəli Axundzadə, şair və yazıçı Abay Kunanbayevə həsr olunmuş abidə-kompozisiyadır.

Allah rəhmət eləsin.