Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Türkiyənin iki önəmli şəxsiyyətini – Aşıq Veysəli və “Mevlid-i Şerif”in müəllifi Süleyman Çələbini “Xatirə və mərasim ildönümləri proqramı”na daxil edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə qərar UNESCO-nun Parisdə keçirilən 41-cı konfransında verilib.

Qeyd edək ki, şeirlərində həyat sevinci ilə kədəri, nikbinliklə ümidsizliyi bir arada ifadə edən Aşıq Veysəl (Veysel Şatıroğlu; 1894–1973) türk aşıq sənəti ənənəsinin son böyük nümayəndələrindən biridir. Eyni zamanda aydın və hər kəs tərəfindən anlaşılan bir dildə yazan Aşıq Veysəlin şeirlərində vətənpərvərlik, tolerantlıq, həyat sevinci və sevgi mesajları əksini tapıb. Şair 2023-cü ildə, ölümünün 50-ci ildönümündə UNESCO tərəfindən anılacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və UNESCO üzrə Türkiyə Milli Komissiyasının təşəbbüsü ilə “Xatirə və mərasim ildönümləri proqramı”na daxil edilən digər şəxsiyyət – Süleyman Çələbi (1351–1422) isə türkcə qələmə alınmış ilk “Mevlid”in – “Vesiletün-Necat”ın müəllifidir. O, 2022-ci ildə vəfatının 600-cü ildönümündə UNESCO səviyyəsində yad olunacaq.

Mehparə SULTANOVA
Ankara